Çexiya Səhiyyə Nazirinin Müavini Azərbaycana səfər edib
26.05.2021 / 15:09 | Aktualizováno: 26.05.2021 / 16:55
23-26 may 2021-ci il tarixlərində Çexiya Respublikası Səhiyyə nazirinin müavini cənab Radek Politsarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. 9 Çex şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyətinin səfəri Çexiya Səfirliyi, CzechTrade-in Bakıdakı ofisi və Tibbi Cihaz İstehsalçıları və Təchizatçıları Birliyi tərəfindən təşkil edilmişdir.
Nazir müavini Politsar ilə səhiyyə naziri vəzifəsini icra edən Zati-aliləri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri cənab Ramin Bayramlı daxil olmaqla Azərbaycan rəsmiləri arasında işgüzar görüşlər səfər proqramına daxil idi. “Semaşko” sistemindən “Bismark” icbari tibbi sığortaya keçid və daha dərin ikitərəfli əməkdaşlığın digər mümkün sahələrində Çex təcrübəsinin mübadiləsinə həsr olunmuş bu rəsmi görüşlərə (G2G) əlavə olaraq nazir müavini Politsar 25 may tarixində CzechTrade-in Bakıdakı ofisi tərəfindən təşkil edilmiş Çex-Azərbaycan Tibbi Biznes Forumunun açılışında iştirak etdi. Çex tibbi avadanlıqları artıq Azərbaycanda geniş istifadə olunmasına baxmayaraq, 23-26 may tarixlərində Azərbaycan klinikalarının nümayəndələri ilə rəsmi (B2G) və işgüzar (B2B) görüşlər nümayəndə heyətində iştirak edən Çex şirkətlərinin məhsul və xidmətlərinin daha da tanıdılmasına kömək etmişdir.