
Bakıda “Çex klassiklərinin hekayələri (Antologiya)” kitabının təqdimatı keçirilib
17.10.2025 / 18:41 | Aktualizováno: 17.10.2025 / 18:55
“Çex klassiklərinin hekayələri (Antologiya)” kitabı XIX əsrin ikinci yarısından bu günə qədər olan dövrü əhatə edən Çex nəsrinin ədəbi incilərindən ibarət bir seçməni təqdim edir. Azərbaycan oxucuları ilk dəfə olaraq Çex mədəniyyəti ilə orijinal hekayələr vasitəsilə, birbaşa çex dilindən tərcümələr əsasında tanış olmaq imkanı əldə ediblər. Bu çex antologiyası, üç il əvvəl Praqada nəşr olunmuş “Sarı Gəlin” adlı Azərbaycan hekayələr toplusunun davamı kimi hazırlanıb. Hər iki kitab xalqlar arasında daha dərin qarşılıqlı anlaşma və mədəni əməkdaşlıq məqsədi ilə ərsəyə gəlib.
2 oktyabr 2025-ci il tarixində Bakıda baş tutan kitabın təqdimat mərasimini Çexiya Respublikasının Azərbaycandakı Səfiri cənab Milan Sedlaçek açdı. Kitab şəxsən baş redaktor, filologiya üzrə elmlər doktoru, dosent İvana Bozdexova tərəfindən təqdim olundu. Həm “Çex klassiklərinin hekayələri (Antologiya)”, həm də “Sarı Gəlin” kitabları xanım Şəbnəm Kondrısova Əsədova tərəfindən tərcümə olunub. “Çex klassiklərinin hekayələri” kitabı “Elm və Təhsil” nəşriyyatı tərəfindən çap olunub.
2 oktyabr 2025-ci il tarixində Bakıdakı Caspian Plaza kompleksində (Lütfizadə Texnologiya Mərkəzi) keçirilən təqdimat mərasimində Səfir Milan Sedlaçek çıxış edərək, ədəbi tərcümələrin Çexiya Respublikası və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından mühüm rol oynadığını vurğuladı.
Kitabı onun baş redaktoru, Karlov Universitetinin müəllimi, dilçi, çexşünas alim və nəhayət, xaricdə uzun müddət çex dili müəllimi, eləcə də zəngin Azərbaycan mədəniyyətinin dəstəkçisi dosent PhDr. İvana Bozdexova təqdim edib. O, çıxışında qeyd etdi ki, bu hekayələr toplusunun əsas məqsədi oxuculara Çex mədəniyyətini tanıtmaqdır. Xanım Bozdexova əlavə edib ki, oxumaq – insanların digər ölkələrdə necə yaşadıqları ilə maraqlanmasına, xalqlar arasında ortaq mövzular axtarmağa ilham verir.
Təqdimatda “Elm və Təhsil” nəşriyyatını və redaktor professor Nadir Məmmədlini xanım Vəfa Abdullayeva-Nəbiyeva təmsil edirdi. Kitabdan parça oxunuşlarını xanım Bozdexova və Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova təqdim etdilər.
“Çex klassiklərinin hekayələri (Antologiya)” kitabının Azərbaycanda nəşr ideyası illər əvvəl xanım Bozdexova tərəfindən irəli sürülmüşdü. Hazırda Bakıda təqdim olunan bu kitab, Praqada 2022-ci ilin mart ayında çap olunmuş müasir Azərbaycan hekayələri toplusu “Sarı Gəlin” kitabının davamıdır. Qeyd edək ki, “Sarı Gəlin” kitabının təşəbbüskarı da məhz xanım Bozdexova olmuşdur.
Təqdim olunan “Çex klassiklərinin hekayələri (Antologiya)” kitabında 14 çex müəllifin əsərləri yer alıb – bunlar arasında klassik ədəbiyyat nümayəndələri (məsələn, Yan Neruda və Karel Çapek) və müasir müəlliflər də var. Kitab Çex ədəbiyyatının müxtəlifliyini əks etdirmək və fərqli janrların birləşməsini təqdim etmək məqsədi ilə hazırlanıb.
Kitabda yer alan hekayələrdən biri XX əsrin ikinci yarısının ən məşhur çex yazıçılarından biri olan İvan Klimaya aiddir. Qeyd edək ki, İvan Klima 2025-ci il oktyabrın 4-də vəfat edib. Onun kitabları otuzdan çox dilə tərcümə olunub və artıq azərbaycan dilində də təqdim olunur…
Kitabın nəşri Çexiya Mədəniyyət Nazirliyi və AGA Groupun dəstəyi ilə həyata keçirilib.