english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Azərbaycanlılar və Çexiyanın azad edilməsi

1945-ci ilin 8 may axşamı Berlində nasist Almaniyasının şərtsiz təslim haqqında Aktı imzalandı. Bu, Avropa qitəsində İkinci Dünya Müharibəsinin başa çatdığını və tarixdə analoqu olmayan qeyri-insani rejimin məğlub olduğunu təsdiqlədi. Bir çox Avropa ölkələri istər Çexiya Respublikası kimi 2020-ci ilin 8 may, istərsə də Azərbaycan Respublikası kimi 9 may tarixində Almaniyanın təslim olmasının ildönümü olaraq faşizm və nasizm üzərində qələbənin 75 illiyini qeyd edəcəkdir. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən ildönümünün qeyd olunmasının daha az təsirli olacağı, bu ildönümünün əhəmiyyətini, həmçinin İkinci Dünya Müharibəsində müttəfiq qüvvələrin qələbəsinə töhfə verən qadın və kişilərə olan minnətdarlığı azaltmır.

Çexiya Respublikasının milli bayramı olaraq, Qələbə Günü və Azərbaycan Respublikasının milli bayramı olaraq, faşizm üzərində Qələbə Günü münasibətilə Çexiyanın Bakıdakı Səfirliyi Çexiya-Azərbaycan münasibətləri haqqında nəşr etdiyi yazısında, Çexiya torpaqlarını Hitlerin işğalından azad olunmasında Qırmızı Ordunun Azərbaycan əsgərlərinin xüsusi rolunu vurğulamışdır. Səfirlik, mətni tərtib etdiyinə görə, 2014-2018-ci illərdə Çexiyanın Azərbaycandakı səfir-müavini müəllif Petr Vaqnerə təşəkkür edir.

Çexoslovakiyanın azad edilməsində Azərbaycan əsgərlərinin rolu ilə bağlı yazılı və ya foto sənədlərə sahib olan hər kəsdən xahiş edirik ki, həmin sənədləri Çexiya Respublikasının Bakıdakı Səfirliyi ilə bölüşsünlər.

2018-ci ildə Çexiya Respublikasının Azərbaycandakı Səfirliyinin podpolkovniki, hərbi və hava qüvvələri attaşesi Yan Havliçek, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının köməyi ilə Çexoslovakiyanın azad olunmasında iştirak edən yeddi azərbaycanlı veterana hərbi attaşe medalları, fəxri diplomlar və hədiyyə dəstləri təqdim etmişdir: Tofiq Ağahüseynov (1923), Seyidağa Ağayev (1923), Ələkbər Əmirov (1922), Mikayıl Hüseynov (1923), Yusif Qafarov (1926), Yunus Kazımov (1922) və Məmməd Məmmədov (1925).

Yuxarıda qeyd olunan əsgərlərin adları Azərbaycan-Çexiya münasibətləri tarixinin mühüm bir hissəsi olan Çexoslovakiyanın azad edilməsində azərbaycanlıların xüsusi rolunu xatırladır. Əlbəttə ki,təltif edilən azərbaycanlı veteranlar müharibədə xidməti olan azərbaycanlı əsgərlərin cüzi bir hissəsidir. Həqiqi statistikanın müəyyənləşdirilməsi olduqca evristik iş tələb edir. Bu işin mürəkkəbliyi barədə sizdə müəyyən təsəvvür yaratmaq üçün Praqanın azad edilməsi münasibətilə 1995-ci ilin yanvar ayının 1-nə qədər 400 070 nəfərə  [1] qəhrəmanlıq medalının verilməsi prosesini xatırlamaq olar. Bununla yanaşı www.podvignaroda.ru internet bazasında 29 421 sayda bu qəlibdən medal VƏ YA medal sahiblərinin siyahısı göstərilmişdir. Siyahıların tamamlanmamış olmasına, I dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Bayraq ordeni və Aleksandr Nevski ordeni sahibi kimi təltif olunanların məlumat bazasında göstərilən leytenant Xeybər Şahbazovu (1915-ci il təvəllüdlü) nümunə ilə göstərmək olar. O ordenlərindən sonuncusunu Ostrava əməliyyatında döyüş zamanı, Opava çayını keçərkən, tapşırıqları icra etməkdə fərqləndiyinə görə almışdır. Onun oğlunun Çexiya Respublikasının Bakıdakı Səfirliyinə verdiyi məlumatdan, indi məlumdur ki, o, 140-cı atıcı diviziyasının [2] 283-cü atıcı alayında Praqanın azad edilməsi yolunda xidmət etmiş və medal sahibi olmuşdur. Bu sayda məlumata baxmaq heç də asan deyildir və bundan əlavə, medal üçün diplomlar verilmədiyindən axtarışın nəticəsi bir qədər qeyri-müəyyən ola bilər. Bu səbəbdən yalnız adlar əsasında şəxsin azərbaycanlı olub olmadığını güman etmək mümkündür. İkinci Dünya Müharibəsi ilə əlaqədar Çexoslovakiya mükafatlarının xarici sahiblərinin siyahısının müəyyənləşdirilməsi də diqqətli bir araşdırma da tələb edərdi. Belə ki həlak olanların da siyahısının olmasına baxmayaraq burada əsgərləri milli əsaslarla təsnif etmək heç də asan deyil. Eyni zamanda, http://obd-memorial.ru saytı siyahıların tam olmadığını sübut edir. Saytın axtarış bölməsində doğum yeri hissəsinə: Azərbaycan SSR, gediş yeri hissəsinə: Çexoslovakiya və il hissəsinə: 1945 daxil etsək, 22 ad alacağıq, [3] və bu, əlbəttə ki, tam doğru məlumat deyil. "Doğulduğu yer" hissəsini "çağırış yeri" - "Azərbaycan" ilə əvəz etsək, Azərbaycan SSR-də doğulmuş insanların adlarını alacağıq, lakin yenə də əsgərlərin hamısı azərbaycanlı olmayacaq. [4] Qırmızı Ordu əsgərlərinin Çex siyahılarını [5] http://obd-memorial.ru bazasındakı məlumatlarla birləşdirməklə, əvvəllər məlumat bazasında tapılmayan digər azərbaycanlı əsgərləri tapmaq mümkündür. Bu zaman Çex məlumat bazası, adları uyğun gəlməsə də (Şaşir Danilyan və Papik Danilyan) yalnız iki vətəndaşı Azərbaycan əsgərləri kimi göstərir, lakin ənənəvi Azərbaycan adlarını, Bakının və ya Azərbaycanın doğum yeri kimi seçilməsi ilə sürətli axtarış etməklə bəzi yeni məlumatlar da əldə etmək olar. Onları http://obd-memorial.ru bazası ilə müqayisə edəndə məlum olur ki, vətəndaşlıq Çexiya siyahılarında diqqətsizliklə qeyd olunub, üstəlik bir çox hallarda bu məlumat heç yoxdur. [6]

 

Azərbaycanlı SSRİ qəhrəmanları - Çexoslovakiya azad edənlər

Sovet İttifaqının üç Qəhrəmanının Çexoslovakiyanı azad etdiyini güman edirik.

Səlahəddin Kazımov (1920) 1941-ci ildən Qırmızı Ordu sıralarında xidmət etmiş, 1942-ci ildən isə cəbhədə döyüşmüşdür. O, 8-ci atıcı diviziyasının 62-ci artilleriya alayında xidmət göstərmişdir. Müharibənin sonunda onun alayı, Prostějov şəhəri ilə Polička kəndi arasındakı ərazidə döyüşmüş və orada əsir götürülmüşdür. Mayın 9-da polkovnik Kazımov yaralanmış və yerli xəstəxanalardan birinə aparılmışdır.[7]

Məmməd Məhərrəmov (1919) Sovet-Fin müharibəsində iştirak etmişdir. 933-cü tüfəng alayı hissəsinin komandiri olaraq, 254-cü diviziyanın sıralarında xidmət etmişdir. Müharibənin sonlarına yaxın, ağır itkilər verən 254-cü diviziya, aprelin sonlarında Alman qoşunları tərəfindən geri alınan Bautzeni müdafiə edirdi. Daha sonra diviziya Bautzeni tərk etdi və iki gün davam edən döyüşlərdən sonra may ayının 9-da Tsittaunu fəth etdi. Bu şəhərin fəthindən sonra Çexoslovakiyaya doğru irəliləməyə və Mladá Boleslav şəhərinin yaxınlığında düşməni təqib etməyə davam etdi (10 may). Böyük ehtimal ki, M. Məhərrəmov öz taleyini 254-cü diviziya ilə bölüşmüşdü, çünki bioqrafiyasında 1945-ci ildə demobilizasiya haqqında məlumatlar var.[8]

Faris Səfərov (1920) 1939-cu ildən orduda xidmət etmiş, 1942-ci ildən isə cəbhədə vuruşmuşdur. 1943-cü ilin sentyabrında Qırmızı Batalyonun 25-ci qvardiya Sinelnikov diviziyasının 78-ci qvardiya atıcı alayının 2-ci atıcı bölüyün pulemyot dəstəyə rəhbərlik edən baş serjant Səfərov Dneprdən keçərkən fərqlənmişdi. Diviziya Budapeştin fəthində və Bratislavanın azad edilməsində iştirak edib. Daha sonra Aşağı Avstriyada gedən döyüşlər zamanı həlledici rol oynamış, aprel və may aylarının sonlarında Diye çayından Çexoslovakiyaya keçmişdi. Mayın yeddisindən etibarən, o Praqa əməliyyatında 7-ci qvardiya ordusunun bir hissəsi olaraq iştirak etmiş, mayın on ikisində Nalžovice, Křepenice və Hrazany rayonları arasındakı ərazidə düşmənin təqibini dayandırmışdı.

Təəssüf ki, F.Səfərov haqqında mənbələrdən [9], aldığımız məlumatda onun Çexoslovakiya ərazisində olması barədə heç bir məlumat yoxdur. Onun yalnız, 1944-cü ildə, ehtimal ki, diviziyanın 2-ci Ukrayna Cəbhəsinin ehtiyatında olduğu bir vaxtda (2 sentyabr-dan 26 noyabr-a kimi) Krasnodar pulemyot və minaatan peşə məktəbini bitirdiyi məlumdur. Müharibədən sonra 1957-ci ilə qədər Sovet ordusunda xidmətini davam etdirdiyi də bizə məlumdur. [10]  Buna görə, peşə məktəbini bitirdikdən sonra öz bölməsinə qayıtdığını və onunla Bohemiyaya getdiyini güman edə bilərik.

 

Ostrava əməliyyatında iştirak edən Azərbaycanlılar

Azərbaycan mənbələrində azərbaycanlı əsgərlərin xidmət göstərdiyi diviziyalar haqqında qeyd olunan məlumata əsasən Çexoslovakiyanın azad olmasında Qırmızı Bayraq ordeni və Boqdan Xmelnitski ordeni 271-ci Qorlovskaya atıcı diviziyaları iştirak etmişdir. 1941-1942-ci illərdə diviziya iki dəfə demək olar ki, tam ləğv olunmuş, lakin sonralar yenidən üç dəfə formalaşdırılmışdır.

Diviziya Alman qoşunlarının Qafqaza hücumunu dəf etdikdən sonra Ukrayna ərazisində azadlıq uğrunda döyüşlərdə və Polşanın cənub rayonlarından keçən 4-cü Ukrayna сəbhəsinin yaradılmasında da iştirak etmişdir. Habelə 12 fevral 1945-ci ildə 211-ci atıcı diviziyası ilə birgə Bielsko şəhərini tam nəzarət altında saxlamışdı. Diviziya 10 mart 1945-ci il tarixində isə qanlı Ostrava əməliyyatında iştirak etmiş və bu döyüşdə rəhbərliyin səhvlərinə görə diviziyanın piyada hərbi bölmələri gərgin döyüşlərdə iştirak etmək məcburiyyətində qalmışdı. [11] Çex-Polşa sərhədində olan diviziyanın müharibədən əvvəl qüvvətləndirmə sayəsində yaxşı qurulmuş düşmənin müdafiəsini məhv etməsi gözlənilirdi. [12]

Yalnız aprelin ortalarında diviziya, onun 867-ci alayı Koberjitse kəndinin şimal hissəsini keçdikdən sonra, Çexoslovakiyanın sərhədi keçdi.

“18 aprel səhər saatlarında, gecənin qaranlığında və artelleriya atəşi altında, 865-ci atıcı alayı tez və məhаrətli Opava çayını keçib, Dvořiště (Dvořisko) qəsəbəyə soxulub, böyük itki vermədən, 869-cu atıcı alayının və sağdakı qonşu hissənin fasiləsiz keçidini təmin edib sağ sahildə plasdarm ələ keçirdi”[13] Gün ərzində plasdarmı genişləndirməyi bacaran 271-ci diviziyanın qoşunları, günorta saatlarında 1-сi Çexoslovak tank briqadasının qalan tanklardan çayı keçmək üçün istifadə etdikdən sonra Štítina və Mokré Lazce qəsəbələrində döyüşləri davam etmişlər.[14]

Alman qoşunları arasında bir hədd olan, Opava çayı yanında yerləşən plasdarm uğrunda gedən döyüşlərdə, yefreytor Əli Rəhimov (1923) fərqlənmişdir: “…Çaya doğru hərəkət edən və minaatan atəşi və hava bombardmanı altında, tank əleyhinə minaların 11-ni zərərsizləşdirən çayın dayaz yerini minalardan təmizləyən, çayın dibini yoxlayan və çayın genişliyini ölçən birinci əsgər o olmuşdur. Dayaz yerini müəyyənləşdirərək, Rəhimov birinci eşelonun döyüş hissələrini Opava çayının cənub sahilinə keçirmişdir.” İgidliyə görə 3-cü dərəcəli Şərəf ordeni ilə təltif olunmuşdur.[15]

Opava çayını keçdiyinə görə başqa Azərbaycan əsgərləri də, hər biri “İgidliyə görə” medalı ilə təltif olunublar, kiçik çavuş Məmməd Quliyev (1911) “düşmən atəşi altında çayı birinci keçdi, tez döyüş silahını hazırlayıb düşmənə atəş açdı və bununla da digər batareya silahlarının keçidini təmin etdi”.[16] Digər topçu, top komandiri baş çavuş Bulud Məmmədov (1921) “Opava çayın üzərindən keçərkən döyüşlərdə birinci sıralarda topla çayı keçdi və öz atəşi ilə plasdarmın işğalını təmin etdi.” [17] Həmçinin, Fərzi Eminov (1913) Opavada hərbi döyüşlər zamanı vaxtında döyüş sursatılarının daşınmasını həyata keçirdiyinə görə təltif edilib. [18]

Aprel ayının 20-də Opava şəhərinə hücum edilmişdir. Şəhərin girəcəyində alman qoşunları istehkamlar qurmuşdular və onların uğrunda ağır döyüşlər gedirdi. Bu istehkamlarından birini, Nəriman Ağayevin (1921) komandalığı altında olan 304-cü atıcı diviziyasının 812-ci atıcı alayının minaatan bölüyünün hissəsi məhv etmişdi. Döyüş zamanı düşmənin 15 əsgəri öldürülmüş və iki pulemyot zərərləşdirilmişdi ki, bu da alman bölmələrinə hücumu davam etdirməyə imkan vermişdi. Ağayev 2-ci dərəcəli Şərəf ordeni ilə təltif olunmuşdur.[19]

Növbəti günlərdə Opava və Odra çayları arasında keçən döyüşlər zamanı diviziyanın irəlilənməsi əhəmiyyətli dərəcədə yavaşladı. [20] Diviziya Odra çayına mayın 1-də çatdı. Çaydan keçməyə hazırlaşarkən, diviziyanın rəhbərliyi düşməndən uzaqlaşıb qərb tərəfə hücuma başlamaq əmrini aldı. May ayının 6-da diviziya hissələri Toverj kəndinin şimalında və cənubunda əsas mövqelərini tutdular. „Mayın 7-dən 8-dək Olomouts şəhəri kənarında güclü müdafiə olunan düşmənlə ağır döyüşlər gedirdi... 869-сu atıcı alay və şimal-qərb tərəfindən şəhəri keçən, qonşu hissəsinin gecə əməliyyatının sayəsində, 869-cu alay Olomouts şəhərinə daxil oldu və çayın iki keçidini ələ keçirtdi... Olomouts şəhərinin şimal-şərq tərəfindən döyüşləri başlayan 867-ci atıcı alay... bu zaman Olomoutsun mərkəzinə çatmışdı.” [21]

Çavuş Piri Məmmədov (1921) “Olomouts küçələrində ön cəbhədə gedən toqquşmalarda fərqlənmişdir. Ağır atəş altında olduğu və yaralandığına baxmayaraq, o, döyüş meydançasını tərk etmədi və atəş açmağa davam etdi. O, iki pulemyot, tank əleyhinə silahlar və 18 alman əsgərini məhv edərək, piyada hərbi hissələrimizin irəlilənməsini təmin etdi”. P. Məmmədov Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdur. [22]

Diviziyanın gündəliyində Olomouts müdafiəsi zamanı düşmənin itkiləri haqqında məlumat verilsə də (300-ə yaxın ölü və yaralanan, 800-ə yaxın əsir), bölmələrimizdəki itkilər barədə məlumat yoxdur. Çex mənbələri döyüşlərdə iştirak edən 185 sovet əsgəri və iki yüzdən artıq çexin həlak olması haqqında məlumat verir. “Həlak olmuş rusların şərəfinə Milli komitə, Qırmızı Ordu şərəfinə çevrilişindən dərhal sonra “Çex Bağlarında” daş abidəsini ucaltmağa qərar verdi, və o, qısa zamanda memar Koverj layihəsi ilə hazırlanandı və Olomoutsdə 15 iyul 1945-ci il tarixində çex cəmiyyətinin iştirakı ilə təntənəli şəkildə açılışı olmuşdur”.[23]

Bölmələr Olomoutsda çox qalmadılar. Onlar geri çəkilən düşməni təqib edərək, 8 may axşamı Uničov (869-cu alay) və Mezitse (865-ci və 867-ci alaylar) şəhərlərinə çatdılar. 5 may tarixində diviziya Moravská Třebová-Polička istiqamətində 100-kilometrlik yürüş edərək Krouna kəndi yaxınlığında dayandı.

Bölmə, 13 may tarixindən 1 iyun tarixinə kimi olduqları Poděbrady şəhərinin yaxınlığında döyüş yolunu başa vurdular. Oradan Polşaya köçürülərək, Naqlovitse kəndi yaxınlığında mövqe tutdular və 2 iyul 1945-ci il tarixində 31-ci atıcı diviziyasının tərkibinə keçdilər. [24]

15 martdan – 9 maya qədər bütün əməliyyat boyu döyüş tapşırıqlarında göstərdiyi nümunəvi fəaliyyəti və fədakarlığına görə, 314-cü xüsusi tibbi-sanitar batalyonun diviziya feldşeri kapralı İsfindiy Abdullayev (1899), “öz çiyinlərində, evakuasiya maşınlarda, 150-dən çox yaralı əsgər və zabitləri xususi qayğı və diqqət göstərərək xəstəxanaya daşıyıb”, «Döyüş xidmətlərinə görə» medalı ilə təltif olunmuşdur. [25]

Çexiyanın şərqində, Červený Kostelec şəhəri ətrafında, Qırmızı batalyonun 128-ci Pskov atıcı diviziyasının döyüşçüləri müharibənin sonunu qeyd edə bilərdilər, və onların arasında 5 yanvar 1942-ci ildə orduya çağırılmış Xanit Şəbiyev (1922) də var idi. Hərbi xidmətinə görə o, 3-cü dərəcəli Şərəf ordeni ilə təltif olunmuşdur.[26]

Ostrava əməliyyatı zamanı Qırmızı ordunun digər bölmələri işğal olunmuş Çexoslovakiyaya şimal tərəfindən daxil olmağa çalışırdılar, və bu bölmələrə Xəzər dənizi sahillərindən olan əsgərlər də daxil idi. Onlardan biri, Türküstan Qırmızı Bayraq diviziyasının 128-ci dağ atıcı qvardiya sıralarında olan Mətləb Şahbazov (1914), öz xidmət yoldaşları ilə qarşı sahili işğal edərək, digər bölmələrin çaydan keçməsini təmin edərək mövqelərini qoruyub saxladıqları, Polşa-Çexoslovak sərhədindəki döyüşlərdə fərqlənmişdi. 315-ci alayın komandiri onun bu igidliyinə və başqa xidmətlərinə görə Mətləb Şahbazovu Sovet İttifaqı Qəhrəmanı adını təqdim etdi, lakin nəticədə bu mükafat ona verilmədi. O, 2-ci dərəcəli Şərəf ordeni ilə təltif olunmuşdur.[27]

Qolitse şəhəri yaxınlığında öz döyüş yolunu başa vuran, Türküstan Qırmızı Bayraq diviziyasının 128-ci dağ atıcı qvardiya sıralarında, biz bir sıra azərbaycanlıları tapırıq ki, onlar müxtəlif dərəcəli Şöhrət ordeni ilə təltif olunub – bunlar, Heydər Əhədov (1924), Yusif Hüseynov (1914), Süleyman Qarayev (1919), Mehdi Mehdiyev (1924), Xudabəxşi Mustafayev (1898), İsrafil Nəbiyev (1920), İslam Rüstəmov (1924), Ağa Səmədov (1924) və Tağı Bəhmanov (1914) məhz Ostrava əməliyyatı zamanı Çexoslovakiyadakı döyüşlərə görə II dərəcəli Şöhrət ordeni ilə təltif olunublar.[28]

Həmçinin, əlbəyaxa döyüş üzrə bir neçə dəfə fərqləndiyi 318-ci dağ atıcı diviziyasında kəşfiyyat bölməsində xidmət etmiş serjant Yaqub Zalov (1920), Olşe çayında hərbi xidmətlərinə görə II dərəcəli Şöhrət ordeni ilə təltif edilmişdir.[29] Eyni diviziyada, Chomoutov kəndi (Olomoutsadan 6 km şimalda) fəth edilərkən leytenant Kamil Rəhmanov (1922) 30-a qədər düşmən əsgərini minaatan atəşi ilə məhv etmiş, və buna görə I dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edildi. [30] 318-ci diviziyanın başqa bir serjantı Hüseyn Əliyev (1910) öz dəstəsi ilə Olomouts yaxınlığındakı mina sahəsindən keçərək, barrikadalardan keçidi təmin etməklə insanların ölümünə mane olmuşdur. Alay komandiri Əliyevi Qırmızı Ulduz ordeni ilə təltif etdi.[31]

Ostrava əməliyyatı zamanı Şepetovski Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni 351-ci atıcı diviziyası tərkibində vuruşan Hüseyn Əmirov (1923) və Qonaqbəy Novruzəliyev (1918) həm də Şöhrət Ordeninin bütün dərəcələrinə layiq görülmüş və Praqada müharibəni sonlandırmışlar.[32]

Tarnopol Qırmızı Bayraq ordeni 302-ci atıcı Kutuzov diviziyasının kapitanı Mənsur Quliyev (1917) 1945-ci il aprelin 14-dən 18-dək döyüşlərdə iştirak etdiyi üçün Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur. Onun rəhbərlik etdiyi batalyon „50 faşist əsgərini və zabitini məhv edərək üç yaşayış məntəqəsini fəth etdi ... Vəzifəsi Slušovice kəndini işğal etmək olan yoldaş Quliyev, aprelin 18-də batalyonuna məharətlə rəhbərlik edir, döyüş tapşırığını yerinə yetirir, bölmənin özü isə az itki vermiş, və düşmənin işçi qüvvəsinə və texnikasına isə ciddi ziyan dəymişdir. Yoldaş Quliyev bu döyüşdə yaralanmışdı.“ [33]

Şimali Moraviyanın azad edilməsi uğrunda mübarizə ilə əlaqəli olan və burada qeyd etmək istədiyimiz Qırmızı Ordu əsgərlərindən birinin əhvalatı ilə əlaqədar olaraq bir metodoloji qeyd əlavə edirik. Hekayəmizin mahiyyətinə görə kitabın bu hissəsində Qırmızı Ordunun bölmələrində döyüşərək Çexoslovakiyanın azad olunmasında iştirak edən Azərbaycan əsgərlərinə diqqətimizi cəmləşdiririk. Bununla yanaşı, bu ərazidə hərbi əməliyyatlarda Azərbaycan SSR vətəndaşlarının iştirakı bir qədər məhdud tədqiq edilir.[34]

Bütün tarixi boyu Bakı çoxmillətli bir şəhər olmuşdur və Sovet dövründə bu çox da dəyişmədi. Buna görə də, Azərbaycandan milliyyət bölməsində azərbaycanlı deyil, başqa milliyyətdən olduğu qeyd edilən çox sayda insan ordu sıralarına çağırıldı. Bunu medallardan aydın görmək olur: mükafatlandırılmaq üçün təqdim olunan hərbçilər haqqında aşağıdakı məlumatlar var – onların Bakıdakı yaşayış yeri, vətəndaşın aparıldığı Bakı Hərbi Komissarlığının ünvanı və harada və nə vaxt çağırıldığı barədə məlumatlar. Milliyyət bölməsində azərbaycan milliyyəti ilə yanaşı, tez-tez erməni, rus, ukraynalı, yəhudi və sairəyə rast gəlirik. Eynilə, bir çox Azərbaycan millətindən olan vətəndaşlar başqa sovet respublikalarında xidmət etmişdirlər.[35]

Opava şəhərinin azad edilməsi zamanı baş verən hekayəmizin qəhrəmanı Leonid Barjitskiy (1909) milliyyətcə rus olub və müharibədən əvvəl 1930-cu ildən bəri Azərbaycanın neft sənayesində çalışmışdı. O, 1942-ci ilin mart ayında çağrıldığı müharibədən sonra „küləklər şəhərinə“ sağlam qayıtdı, ailəsi ilə - həyat yoldaşı və üç uşağı - görüşdü və əvvəlki işini davam etdirdi. Ancaq hər şey tamamilə fərqli ola bilərdi.

L. Barjitsky əvvəlcə fərdi şəkildə vuruşdu, sonra xüsusi bölmənin (hərbi əks-kəşfiyyat) üzvü oldu və nəhayət, 1945-ci ilin aprelində 60-cı ordunun 302-ci diviziyasının 825-ci atıcı alayının siyasi zabiti kimi xidmət etdi. Yakartovitse kəndi (Opavadan 20 km cənub-qərbdə) uğrunda gedən ağır döyüşlərdə, alay komandiri podpolkovnik Fyodor Makovetskinin ağır yaralandığı zaman, Barjitsky bütün şəxsi sənədləri ilə ələ keçirildi.[36] Adi şəraitdə o, kommunist və siyasi təlimatçı kimi güllələnəcəkdi, amma taleyi onun üzünə güldü.

Onun xatirələrinə əsasən, onu Opava şəhərindəki bir xəstəxanaya gətirdilər, və burada Çex həkimləri onu əməliyyat edib, qayğısına qaldılar. Ertəsi gün (20 aprel) onu Frýdek şəhərindəki həbsxanaya və daha sonra Těšín şəhərindəki bir həbs düşərgəsinə köçürdülər. Almanlar onunla ədəblə rəftar edirdilər və yerli əhali alman əsgərlərinə çox əhəmiyyət vermədən onu yemək və siqaretlə təmin edirdi: „Çexlər heç bir qorxu olmadan bizə yaxınlaşır, ciblərimizə yemək və digər qidalar qoyurdular. Almanlar yalnız havaya atəş açırdılar, amma insanlar onlardan qorxmurdular və dağılışmırdılar... Əsir düşməyim Almanların dəlicəsinə qaçışını öz gözlərimlə görməyə imkan verdi... Onlar mənim Sovet məmuru kimi geyinmiş olduğumu gördülər, amma heç kim mənim poqonlarımı və ya ulduzumu qoparmağa cəsarət etmədi.“ [37]

Müharibənin sonu belə ağlasığmaz görünə bilərdi. Barjitski, 9 May 1945-ci ildə Qırmızı Ordunun hissələri tərəfindən sərbəst buraxıldı. Müharibə illərində o iki dəfə "Qafqazın müdafiəsinə uğrunda" medalı və Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, leytenant rütbəsinə qədər yüksəlmişdi. [38]

 

Bratislava-Brno hücumu və Praqa əməliyyatlarında iştirak edən azərbaycanlılar

Sovet əsgərlərinin Çexoslovakiyanın azad edilməsi ilə bağlı xatirələrinin dərc olunduğu toplular və bəzi digər mənbələr sayəsində, protektorat ərazisində Qırmızı Ordunun digər bölmələri ilə tapılan azərbaycanlı əsgərlərin taleyi barədə məlumat almaq mümkün oldu. Onların xatirələri Bohemiya və Moraviyanın şərq hissəsinin (1945-ci ilin 25 mart tarixindən 5 may tarixinə qədər), xüsusilə Bratislava-Brno hücum əməliyyatı zamanı azad edilməsindən və Praqa əməliyyatı zamanı Praqanın azad edilməsindən (6-11 may 1945-ci il) bəhs edir.

2-ci Ukrayna Cəbhəsinin 4-cü qvardiya süvari korpusunun 225-ci qvardiya ordu alayının baş çavuşu və Qırmızı Ulduz Ordeninin sahibi Səməd Quliyev (1921) təkcə Brno şəhərinin deyil, həm də Praqanın azad edilməsində iştirak etmişdir. Xatirələrində o əsasən hər iki şəhərdə hökm sürən şən atmosferi qeyd edir.

Bizim fikrimizcə, Praqanın yaxınlığında çox sayda qafqazlıların olması barədə hekayəsi xüsusi maraq doğurur: „10 may 1945-ci ildə Vltava çayının sahilində düşərgə saldıq və dincəldik. Qonşu kənddən olan gənclər, ən çox film göstərmək üçün bizə gəlirdilər. Orada çoxlu qafqazlılar var idi və biz gənclərə Azərbaycan sözlərini öyrədirdik. Onlar ən çox salamlaşmağı- „salam“ sözünü yadda saxlayırdılar“.[39]

Həmzə Mirşah oğlu Səfərov Brnonun azad edilməsində də iştirak etmiş və onun xatirələrinə əsasən Polşa, Rumıniya, Macarıstanda Karpat və Çexoslovakiyada döyüşmüşdür. Təəssüf ki, o, hansı dəstədə vuruşduğunu qeyd etmir, onun hekayəsindən yalnız, müharibənin sonunda bir başçı – çox güman ki, minaatan dəstəsinin komandiri olduğunu öyrənirik. Mayın 4-də Səfərovun dəstəsi Brnodan Praqaya qədər irəliləyərək paytaxtdan iki yüz kilometr məsafədə yerləşən müəyyən edilməmiş bir qala işğal etdi: Qala çox geniş idi, içərisi daha çox kiçik bir şəhərə bənzəyirdi. Qərbdə, qaladan təxminən bir kilometr aralıda, sıx meşədəki bir vadidə 60 düşmən tankı var idi. Tanklarda yanacaq yox idi və onlar irəliləyə bilmirdilər. Divarların yüksək olmasına baxmayaraq, bəzən artilleriya mərmiləri qalanın mərkəzinə dəyirdi. Biz, mayın 7-nə qədər burada qalmalıydıq. Yoldaşlarımızdan yeddisi burada həlak oldu. Biz onları həyətdə dəfn etdik“.[40] Müharibənin başa çatması xəbəri Səfərovu Yihlava şəhəri yaxınlığında Praqaya gedərkən çatdırıldı.[41]

Abumüslim Baxşıyev (1920) SSRİ-nin qərb sərhəddindən Şimali Qafqaza geri çəkilərkən bir neçə dəfə ağır yaralanmışdır. Bu siyasi işçinin hərbi yolu, Krım vasitəsilə Qafqazdan, Avropa qitəsində, müharibənin sonlandığı Praqa yaxınlığındakı Benešov şəhərindən keçirdi. 1945-ci il iyun ayının əvvəllərində, 52-ci atıcı diviziyası Čerčany şəhərindən başlayaraq Uzaq Şərqə qədər irəliləməyə davam etdi. Baxşıyev Port-Arturda müharibəni başa vurdu, ancaq müharibədən sonra da 1962-ci ilə qədər SSRİ silahlı qüvvələrində xidmət göstərməyə davam etdi. Vaxt keçdikcə o, düşmənə qarşı mübarizədəki qəhrəmanlıq və xidmətlərinə görə Qırmızı Bayraq ordeni, 1-ci və 2-ci dərəcəli Vətən Müharibəsi ordeni, iki Qırmızı Ulduz ordeni, o cümlədən „Praqanın azad edilməsinə görə“ medalı ilə təltif edilmişdir. [42]

 

Partizan döyüşlərində olan azərbaycanlılar və müharibədən sonrakı Çexoslovakiyada onların mükafatları

Avstriyada əsirlikdən qaçıb və Hodonín şəhəri yaxınlığında, 1944-1945-ci illərdə kommunist gizli təşkilatının sıralarında müqavimət hərəkatına „Moraviya Bərabərliyi“ [43], qoşulmağı bacaran Sadıx Sadıxov (1911), 1960-cı illərin ortalarında Hodonín bələdiyyəsinə yerli kommunist təşkilatının, onun keçmiş yoldaşlarını tapmasına kömək etmələri üçün müraciət etdi.[44]

1961-ci ilin iyulunda Hodoníndəki Kommunist Partiyası, yoldaş Sadıxovun Çexoslovakiya Respublikasına gələrək, yoldaşları ilə görüşməsi təklifi ilə Azərbaycan SSR Kommunist Partiyasının Bakı şəhər komitəsinə məktub göndərdi. Məktubda irəli sürülmüş fikir hətta Çexoslovakiya-Sovet Dostluq Birliyi və İnqilabçı Həmkarlar İttifaqı Hərəkatının yerli təşkilatı tərəfindən də dəstəklənmişdir. [45]

4 il sonra Sadıxov, şəhərin azad edilməsinin 20-ci ildönümü münasibətilə Hodoníni ziyarət edə bildi.[46] O, Çexoslovakiyada aprelin 7-dən mayın 15-dək bir ay qaldı, bu şərtlə ki, onun orta aylıq əmək haqqısı bütün ezamiyyəti boyu saxlanılsın. [47]

Çexoslovakiyaya getməyə icazə verilən digər partizan, ya Çexoslovakiyaya bir neçə dəfə səfər etmişdi, ya da Sadıxovun vəziyyətində olduğu kimi, təxminən beş il icazə gözləmiş və yalnız 1965-ci ildə getmiş Əlimərdan Əlimərdanov idi. [48] Mümkün ziyarətinin ilk qeydi- 1960-cı ildə olmuşdur. Həmin qeyddən məlum olur ki, o, Çexoslovakiya-Sovet Dostluq Birliyinin Rayqrad şəhərindəki bir filialı tərəfindən dəvət olunmuşdur və bu nəticəyə gələ bilərik ki, Əlimərdanov müharibə zamanı Cənubi Moraviyada vuruşmuşdur. [49]

Moraviyada və ya Çex-Moraviya sərhəddində döyüşən və daha çox məlumat əldə edə bildiyimiz digər bir partizan, Bakıda yaşamış Aşot Oqanisyan idi. Cəmiyyətə göndərilən 20 iyul 1965-ci il tarixli məktubda, Žďár nad Sázavou şəhərindəki Çexoslovak-Sovet Dostluq Birliyinin rayon komitəsi, A.Oqanisyanın gözlənilmədən şəhərə gəlməsi ilə təltif olunmadığı birinci dərəcəli fəxri nişanın verilməsini Çexoslovak-Sovet Dostluq İttifaqı Mərkəzi Komitəsindən istədi.

Məktubdan məlum olur ki, Oqanisyan “Vpřed” [50] ön partizan dəstəsində vuruşub. Başqa bir mənbədən öyrəndik ki, o, öz dəstəsi ilə birlikdə 27 mart 1945-ci ildən Moravská Svratka çayının ərazisində əməliyyat keçirib və tağım komandiri olub. 6 may 1945-ci ildə, Mişa Kris kimi adlandırılan leytenant Oqanisyanın tağımı 130 nəfərlik bir qrupu tərksilah edə bildi və ehtimal ki, artıq Macar əsgərləri tamamilə ruhdan düşmüşdülər. [51]

Cəmiyyətin materiallarında, bəzi partizanların ictimai tədbirlərdə, əsasən də Azərbaycan-Çexoslovakiya dostluğunun axşamları ilə əlaqəli çıxışlarına istinadlar da tapılmışdır. Məsələn, Çexoslovakiyanın azad edilməsinin 31-ci ildönümünə həsr olunmuş böyük bir şam yeməyində Çexoslovakiyada partizan hərəkatının üzvü olan, leytenant Şmidt A. D. Babayan adına Maşınqayırma Zavodunun bir çilingərinin çıxış etdiyini öyrəndik. [52]

Sonrakı araşdırmalar zamanı, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində 1962-ci ildə SSRİ-də Çexoslovakiya hərbi attaşesi, polkovnik Yozef Qunya ilə Çexoslovakiyada müharibədə döyüşən 7 azərbaycanlı partizanla birlikdə bir fotoşəkil tapılmışdır: Aleser Əliyev, Əkbər Əliyev, A. Aslanov, Q. Namazov, S. Cəfərov, M. Muradov və N. Nəsrullayev. [53] Görüş haqqında qısa məlumatı „Rudé právo“ qəzeti yayımlamışdı: “Çexoslovakiya hərbi attaşesi, cümə günü (20.7.1962) Bakıda, Çexoslovak “Partizan ulduzunu” öz bölmələri ilə Çexoslovakiyada fəaliyyət göstərən on keçmiş sovet partizanına təqdim etdi.”  [54]

​Çexoslavakiya döyüşlərində vuruşan partizanlara qoşulan bu gözlənilməz böyük briqada nəticədə, adətən Çexoslavakiyanın azad olunmasının ildönümü münasibətilə nəşr olunan müxtəlif xatirələr toplusunda öz əksini tapmışdır.

 

Tərcümə etdi Ofeliya Rzayeva.


[1] www.mondvor.narod.ru/MOsvPrag.html

[2]http://www.podvignaroda.ru/?#id=44477123&tab=navDetailManAward;   www.yoldash.net/tag/освобождение-чехословакии/. Məlumat bazasında göstərilənlər arasında, ancaq "Döyüş xidmətlərinə görə" medalının sahibi kimi, Şükür Kərimxanovun (1924) işində oxşar problemlə qarşılaşdıq. "Praqanın azad edilməsinə görə" medalı haqqında məlumatı www.savash-az.com/INF2.htm saytında tapa bilərsiniz. Ş. Kərimxanov 5-ci qvardiya ordusunun 133-cü xüsusi rabitə alayında vuruşmuşdur.

İmamverdi Məmmədhəsənov (1925) 1943-cü ildə Qazaxıstandan ordu sıralarına çağırılmış və Praqanın azad edilməsinə görə medalından başqa, "Vyananın fəthinə görə" medalı ilə də təltil edilmişdir. www.savash-az.com/INF2.htm

302-ci atıcı diviziyasının alay komandiri olaraq www.savash-az.com/INF3.htm, Praqanı azad edən Hacıbəy Səlimov (1924) "Praqanın azad edilməsinə görə" medalı ilə təltif edilmişdir. www.savash-az.com/INF2.htm Praqanın azad edilməsi zamanı təxribat qrupunun komandiri olduğu Volında irəliləyən Qırmızı Orduya qoşulan Aslan İbadov (1919) tərəfindən on düşmən əsgəri zərərsizləşdirildi. www.savash-az.com/PARTIZANEN.htm.

[3] İsmayıl Abdullayev (1912), Qubat Əbilov (1922), Şirin Əliyev (1914), Maleysa Əliyev (1924), Əhməd Əsədov (1915), Tacəddin Aslanov (1910), Rəfi Bədəlov (1902), İzzət Kərimov (1925), Tacəddin Cəlilov (1909), Ruben Cenkeryan (1924), Qara Hacı (1912), Rəsul İbadov (1916), Paşabəy Malobəyov (1898), Valentin Melkumov (1917), Bediş Mövludov (1922), Bara Nəsirov (1916), Petr Osipov (1914), Vilolan Oskarov (1918), Pavel Pavlov (1914), Armen Saakyan (1923), Qrant Şakaryan (1923), və Leon Tonoyan (1910). Yuxarıda göstərilən hallarda olduğu kimi, Azərbaycan milliyyətinə düşmüş əsgərlərin hamısı burada qeyd olunmayıb, biz həm də onların əksəriyyətinin harada öldüklərini bilmirik (9 nəfər itkin) və yalnız ikisinin Bohemiya və Moraviya ərazilərində tam olaraq harada həlak olduğunu bilirik: T. Aslanov (Bilovets), R. İbadov (Benešov şəh., Tikovitse bölgəsi).

[4] Aleksandr Anuçkin (1926), İvan Lısin (1900), Sultan Qasımov (1899), Arminak Novosatrov (1914), İvan Pojelov (1911), Yusup Şəmiyev (1899) və Yervan Ter-Osipov (1922). Bu qrupda da itkin düşmüş əsgərlər yenidən üstünlük təşkil edir və heç birinin dəqiq dəfn yeri haqqında məlumatımız yoxdur.  

[5] www.valecnehroby.army.cz/evidence-valecnych-hrobu

[6] Beləliklə, tapmaq mümkün oldu: 24 aprel 1945-ci ildə Qolubitse kəndində həlak olmuş və Brnoda dəfn olunan Rəşid Əsgərov (1905). www.evidencevh.army.cz/Evidenceúvýsledky-hledani-v-cr?bpn=Baku&st=1http://obd-memorial.ru/html/info.htm?id=4781207, Həmçinin, 5 noyabr 1945-ci ildə Praqada bir xəstəxanada vəfat edən və orada da dəfn edilən Qurban Qasımov (1912). www.evidencevh.army.cz/Evidence/vysledky-hledani-v-cr?srn=Kasimov&st=1http://obd-memorial.ru/html/info.htm?id=62638680, Neymət Əsədov (1923) 12 may 1945-ci ildə həlak olub, Miroslav şəhərində (Znoymo şəhərinin bölgəsi) dəfn edildi, burada onun məzarı və məzar daşı üzərində özünün, həmçinin daha üç şərikinin adları var. www.evidencevh.army.cz/Evidence/vysledky-hledani-v-cr?srn=Asadov&st=1, http://obd-memorial.ru/html/info.htm?id=1154018524.www.vets.cz/vpm/mista/obec/511-miroslav/-vp-page=2&do=vp-showPage.

[7] www.warheroes.ru/hero/hero.asp?Hero_id=505 .

[8] www.warheroes.ru/hero/hero.asp?Hero_id=9378 .

[9] Dikan, A. P. iyirmi beşinci mühafizəçi: Suvorov və Boqdan Xmelnitse ordeni, 25-ci Sinelnikov-Budapeşt qvardiya atıcı diviziyasının döyüş yolu. - М.: Воениздат, 1984, 157 с. F. Səfərovun fotoşəkilindən əlavə, bu nəşrdə onun qəhrəmanlığı barədə məlumat (səh. 95), Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi (səh. 102), və 1984-cü ildə artıq sağ olmadığı haqqında məlumat öz əksini tapır (s. 153). Mükafat haqqında daha ətraflı məlumat:

http://www.podvignaroda.ru/?#id=17189946&tab=navDetailDocumentwww.moypolk.ru/dnepropetrovsk/soldiers/safarov-faris-medzhidovich

[10] www.warheroes.ru mənbəsinə istinadən, R. Səfərov mayor rütbəsində istefaya gedib.

[11]Hava dəstəyinin olmaması və hava şəraiti və silah-sursat çatışmazlığının səbəb olduğu artilleriya hazırlığının olmaması, həmçinin tank bölmələrinin az olması atıcı bölmələrinin coşğusu ilə əvəz olunmalı idi. Ancaq sistem səhvləri və əmr səhvləri sıravi əsgərlərin qəhrəmanlığı ilə əvəz edilə bilmədi. Beləliklə, Karpat-Duklin əməliyyatı kimi, Ostrava əməliyyatı, itkilərin sayından asılı olmayaraq, sadə bir davamlı hücum səyinin müdafiəçilərin müqavimətini qırmağa kömək edəcəyinə inamla həyata keçirilən Qırmızı Ordunun hücum əməliyyatlarına aid idi. »..“ Hrbek, Jaroslav et al. Draze zaplacená svoboda: osvobození Československa 1944-1945. Praha: Paseka, 2009. 2 sv. (351, 358 s.). ISBN 978-80-7185-976-5,  2. sv., s. 214., s. 221.

[12] Ostrava əməliyyatı zamanı əslən Çexoslovak istehkamlarından istifadə edərək Alman müdafiə qüvvələrini keçən Qırmızı Ordunun irəliləməsi haqqında təfərrüatlı təsvirini JAKL, Tomaş araşdırmalarında tapa bilərsiniz. Úseky těžkého opevnění Moravská Ostrava a Opava v boji. In Fortsborník. Brno: Nakladatelství a vydavatelství Spolek přátel československého opevnění Brno s.r.o. č. 7/II 2002, s. 88-108.

[13]Qırmızı Bayraq 271-ci qorlovska atıcı diviziyasının qısa tarixi və döyüş yolu. c. 42.

[14] Hrbek, Jaroslav et al. c.d.2. sv., s. 214.

[15] http://www.podvignaroda.ru/?#id=25203425&tab=navDetailManAward

[16] http://www.podvignaroda.ru/?#id=37165124&tab=navDetailManAward

[17] http://www.podvignaroda.ru/?#id=37734560&tab=navDetailManAward

[18] http://www.podvignaroda.ru/?#id=37261619&tab=navDetailManAward

[19] Hüseynov, Azad. c.d. c.84-85.

[20] Bilovets şəhəri yaxınlığındakı döyüşlərdə, artilleriya və pulemyot atəşinə baxmayaraq, iki saat ərzində on doqquz dəfə kəsilmiş telefon xəttini sabitləşdirən diviziyanın (745-ci xüsusi rabitə batalyonu) daha bir azərbaycanlı üzvü fərqləndi - rabitəçi Həsən Hacıyev (1922). Bu hərəkətinə görə "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir».

http://www.podvignaroda.ru/?#id=37501145&tab=navDetailManAward

[21] Qırmızı Bayraq 271-ci Qorlovskaya diviziyasının qısa tarixi və döyüş yolu. c. 43

[22] http://www.podvignaroda.ru/?#id=39532241&tab=navDetailManAward Olomouts uğrunda gedən döyüşdə 3-cü dərəcəli Şöhrət ordeni və 2-ci dərəcəli Vətən Müharibəsi ordeni olan 3-cü dağ atıcı korpusu sıralarında vuruşan Dayandur Nadirov (1922) ağır yaralanmışdır. Müharibə və qəhrəmanlıq əməliyyatları zamanı altı yaraya görə I dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir.  www.savash-az.com/INF3.htm

[23] NEŠPOR, Václav. Jak bylo dobyto Olomouce ruskou armádou. In. Kubis, Adolf, ed. Český máj: k oslavě prvého výročí osvobození Olomouce dne 8. května 1946. Vydání první. V Olomouci: Sdružení národního odboje, 1946. 64 stran. s. 19.

[24] Qırmızı Bayraq 271-ci Qorlovskaya diviziyasının qısa tarixi və döyüş yolu. c. 44

[25] www.podvignaroda.ru/?#id=38271513&tab=navDetailManAward Güman etmək olar ki, Çexoslovakiyada həmçinin adları aşağıda qeyd olunan, 271-ci diviziyanın tərkib hissələrində vuruşan azərbaycanlılar vuruşmuşdurlar (baxmayaraq ki, Bohemiya və Moraviya ərazisində olmaqdan əvvəl Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdular) Ziyəddin Çandırov (1914), Məmməd Həsənəliyev (1918), Qriqoriy Xanukayev (1921), Yusif Həsənov (1922), Baba-Abdul Maylov (1898), Camal Salmanov (1924); Yusif Süleymanov (1920) 3-cü dərəcəli Şöhrət ordeni; Kərim Kərimov (1924) 1-ci dərəcəli Vətən Müharibəsi ordeni; “İgidliyə görə” medalı İsmayıl Hacıyev (1923 г.), İlya Hüseynov (1923 г.), Seyfulla İslamov (1911 г.), Rəhim İsmayılov (1910 г.), Vaxti İsmayılov (1915 г.), Məhərrəm Qəhrəmanov (1915 г.), Üzeyir Ulyazov (1922 г.); Əli Abbasov (1897), Aslan Hüseynov (1925) "Döyüş xidmətlərinə görə" medalı. Hər biri mükafatlandırılmış Qırmızı Ordu əsgərlərinin məlumat bazasında tapıldı. www.podvignaroda.ru.

[26] www.podvignaroda.ru/?#id=43635066&tab=navDetailManAward

[27] www.podvignaroda.ru/?#id=28379230&tab=navDetailManAward

[28] Bütün təltif olunanlar haqqında ətraflı məlumatı Azad Hüseynovun,  nəşrində əldə etmək olar. c.d. Müəllif www.podvignaroda.ru saytından alınan məlumatları əlavə edir və sondakı əlavədə göstərilən cədvəldəki mükafat təkliflərində göstərilən təhrif olunmuş adlara aydınlıq gətirir.

[29] www.podvignaroda.ru/?#id=26998831&tab=navDetailManAward HÜSEYNOV, Azad. c.d., s. 249-50.

[30] www.podvignaroda.ru/?#id=43021241&tab=navDetailManAwardwww.yoldash.net/tag/освобождение-чехословакии/

[31] www.podvignaroda.ru/?#id=44505110&tab=navDetailManAward  və www.yoldash.net/tag/освобождение-чехословакии/

[32] Praqadakı hərbi marşrutun bitməsi ilə bağlı məlumatlar səhifə tamamlayır. www.warheroes.ru/hero/hero.asp?Hero_id=23919.

[33]www.podvignaroda.ru/?#id=29165393&tab=navDetailManAward  Mayor Quliyev və digər bir neçə azərbaycanlı əsgər haqqında ətraflı məlumatı bu saytdan əldə edə bilərsiniz: www.yoldash.net/tag/освобождение-чехословакии/. Adları mətnin başqa yerlərində rast gəlinməyən əsgərlər haqqında, lakin Çexoslovakiyada müharibəni başa vurduqlarına əminlik varsa, burada ətraflı məlumat tapa bilərsiniz. Məsələn, onun 25-ci zenit-artilleriya diviziyası müharibənin sonulandırdığı gördüyü, Moraviya Ostrava (Aleksandr Nevski ordeni) uğrunda döyüşdə iştirak edən leytenant Paşa Mehbalıyev (1920) haqqında. 73-cü qvardiya qırıcı aviasiya alayından olan pilot İsfəndiyar Paşayev (1922) Çexoslovakiya səmasında döyüşlərdə iştirak etmiş və Brnoda müharibəni başa vurmuşdur. Bir sıra digər mükafatlarla yanaşı, Praqanın azad edilməsinə görə medal ilə təltif edilmişdir. 6-cı qvardiya paraşüt diviziyasından mayor Dursun Kərimov (1908) Praqada müharibəni başa vurdu.

[34]  SSRİ-də ayrı-ayrı respublikalarının vətəndaşlığı mövcud deyildi, yalnız SSRİ vətəndaşlığı var idi. Federal respublikanın ərazisində yaşayan şəxs oranın sakini və SSRİ vətəndaşı idi. Vətəndaşlıq yalnız SSRİ dağılandan sonra müstəqil respublikaların yaranması ilə ortaya çıxdı, bəzi hallarda isə bir az əvvəl. 

[35] Gürcüstanda hərbi xidmətə çağrılmış Musa Hüseynov (1920) demobilizasiyadan sonra doğma Kolagir kəndinə qayıtdı. 133-cü atıcı diviziyası sıralarında Zlín şəhərini azad etdi. Şəhər uğrunda döyüş əsnasında, 418-ci atıcı alayı bölüyünün yaralı komandirini əvəz etdi və Macarıstanda hərbi əməliyyatlara görə artıq qazandığı 2 dərəcəli Vətən Müharibəsi ordeninə əlavə olaraq,  "savadlı komandanlıq və döyüşdə yüksək üstünlüyə görə" Qırmızı Ulduz ordeni ilə təltif edildi. www.podvignaroda.ru/?#id=34613084&tab=navDetailManAward  və www.yoldash.net/tag/освобождение-чехословакии/  Moraviyadakı döyüşlərdə M. Hüseynov dəstəsi ilə 7 düşmən hücumunu dəf edərkən həm də 942 hündürlüyü müdafiə etməkdə fərqlənirdi. Zlin şəhərində göstərdiyi bu şücaətə və mübarizəyə görə Qırmızı Bayraq ordeni ilə təltif edildi. www.podvignaroda.ru/?#id=42742405&tab=navDetailManAward

[36] Konečný, Zdeněk, ed. a Mainuš, František, ed. Vybojovali nám mír: sborník vzpomínek sovětských vojáků na osvobození ČSR. Praha: Naše vojsko, 1961. 400. s. 185. Yakartovitsedəki şiddətli döyüşlər alay gündəliyində qeyd olunur, ancaq qərargah rəisi və siyasi təlimatçının tutulması haqqında məlumat yoxdur.  Hərbi əməliyyatlar jurnalı 825 səh. 1945-ci il martın 25-dən aprelin 23-dək olan vaxtı təsvir edir ЦАМО, Fond: 1608, Siyahıya alınma: 1, İş: 8, т 2, c. 364.

https://pamyat-naroda.ru/documents/view/?id=150305641&backurl=division%5C825%20%D1%81%D0%BF::begin_date%5C30.03.1945::end_date%5C30.03.1945::use_main_string%5Ctrue::group%5Call::types%5Copersvodki:rasporyajeniya:otcheti:peregovori:jbd:direktivi:prikazi:posnatovleniya:dokladi:raporti:doneseniya:svedeniya:plani:plani_operaciy:karti:shemi:spravki:drugie

[37] Konečný, Zdeněk, ed. a Mainuš, František, ed.c.d. s. 187.

[38] www.podvignaroda.ru/?#id=47254313&tab=navDetailManAward. Vybojovali nám mír toplusundan Azərbaycan vətəndaşlığı olmayan, lakin Azərbaycanla əlaqəli digər əsgərlərin taleyinin təsvirini də tapa bilərsiniz: 7-ci qvardiya ordusunun 409-cu atıcı diviziyası, mayor, Sidrak Şaumyan (1912), Qırmızı Ulduz ordeni ilə təltif edilib, www.podvignaroda.ru/?#id=43526779&tab=navDetailManAward; Nikolay Savkin (1924), 76-cı artilleriya diviziyasının 83-cü xüsusi atıcı briqadasının leytenantı, Brnonun azad edilməsində iştirak edib, www.podvignaroda.ru/?#id=435973128&tab=navDetailManAwardMixail Sakasov (?), Ústí nad Orlicí şəhərində xəstəxanaya yerləşdirilmişdir; Əlavə məlumatı www.moypolk.ru/baku/soldiers/shipov-valeriy-fedorovich saytında tapa biləcəyiniz Valeriy Şipov (1925) Vsetín ərazisində müharibənin sonunu çatmışdır; 60-cı ordunun 9-cu kazak atıcı diviziyası kapitanı Lev Dıxov (1914) Moraviya Ostrava yaxınlığında döyüşərək Praqaya çatdı. Digər mükafatlardan əlavə, "Praqanın azad edilməsinə görə" medalı ilə də təltif edilmişdir. www.podvignaroda.ru/?#id=235462028&tab=navDetailManAward; Semyon Epelbaum (?), Lvivin 72-ci qvardiya ağır tank alayı, 10-cu qvardiya Ural könüllü tank korpusu, Praqaya çatdı. Çexoslovakiyanı azad edən əsgərlərin xatirələrini özündə cəmləşdirən başqa bir kitabda, Qara dəniz sahillərindən Çexoslovakiyaya qədər getdiyi artilleriya batareyasına rəhbərlik etdiyini xatirələrində yazan Aleksey Kirilovu (?) tapa bilərik. Onun üçün müharibə Jaroměřice nad Rokytnou şəhərində başa çatdı. KONEČNÝ, Zdeněk, ed. a MAINUŠ, František, ed. Nezapomenutelné jaro: vzpomínky sovětských vojáků na osvobození Československa. Praha: Nakladatelství politické literatury, 1965. 309 s.  Bütün yuxarıda göstərilən xatirələrin müəllifləri Azərbaycan şəhərlərinin onların yaşayış yerləri olduğunu qeyd edirlər. Müharibədən əvvəl burada yaşayıb-yaşamadıqları sual olaraq qalır. Müharibədən əvvəl Bakıda olduğunu birbaşa xatırlayan təkcə Barjitskiyə inamımız var. 

[39] Konečný, Zdeněk, ed. a Mainuš, František, ed. Vybojovali nám mír.s. 51.

[40] KONEČNÝ, Zdeněk, ed. a MAINUŠ, František, ed. Nezapomenutelné jaro: vzpomínky sovětských vojáků na osvobození Československa. s. 153.

[41] Slovakiyadakı qəhrəmanlıqlarına görə 2-ci dərəcəli Şöhrət ordeni ilə təltif olunan Hidayət Abdullayev (1908) 227-ci atıcı diviziyasının tərkibində Bratislava-Brno əməliyyatında da iştirak etmişdir.

 ГУСЕЙНОВ, Азад. c.d. c. 74. Müharibənin sonunda diviziya Český Šternberk şəhərinə çatdı.

[42]www.podvignaroda.ru/?#id=30890150&tab=navDetailManAwardwww.ksam.org/forum/lofiversion/index.php?t1432.html

[43] Hodonin şəhəri azad edildikdən sonra S. Sadıxov iki sovet əsiri ilə Qırmızı Ordunun iki hissəsinə qoşuldu və onlarla birlikdə qərbə doğru irəlilədi. 1965-ci ildə 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir.

http://www.podvignaroda.ru/?#id=1519570002&tab=navDetailManUbil

[44] ARDA. Ф. 2693, оп. 1, д. 96, л. 24.

[45]Tamtéž.

[46] Rudé právo.roč.45, 1965, č. 102 z 13. 4. 1965, s. 1.

[47]ARDA. Ф. 2693, оп. 1, д. 96, л. 68.

[48] Ə.Əlimərdanov S.Sadıxov kimi eyni təsdiqi aldı və demək olar ki, eyni vaxtda Çexoslovakiyaya getdi.  ARDA. Ф. 2693, оп. 1, д. 96, л. 72.

[49]ARDA. Ф. 2693, оп. 1, д. 52, л. 82, 83.

[50]ARDA. Ф. 2693, оп. 1, д. 101, л. 66. Məktubda Oqanesyanın soyadı səhv göstərilmişdir – Oqanişin.

[51] MAŠEK, Lukáš. Druhý odboj na Svratecku. Bakalářská práce. Brno Masarik Universiteti, Fəlsəfə Fakultəsi, 2010. 42s. + 14 příloh. s. 12, 17.

[52]ARDA. Ф. 2693, оп. 1, д. 179, л. 40.

[53]ARDKFSA. Çexoslovakiya hərbi attaşesi polkovnik İ. Qunya keçmiş partizanlarla .20.07. 1962. č. 27868.

[54] 24 hodin V ZAHRANIČÍ. Rudé právo. roč. 42, 1962, č. 200 z 22. 7. 1962, s. 6.